Məşqdə uşağı öldürən Avropa çempionu yığmadan UZAQLAŞDIRILDI
Sumqayıtda idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan tanınmış idmançı Mehman Xəlilov Sambo üzrə yığma komandadan uzaqlaşdırılıb.
Redaktor.az xəbər verir ki, Mehman Xəlilov məşq zamanı azyaşlılarla qəddar rəftarına və idmançı adına yaraşmayan hərəkətlərinə görə yığmadan uzaqlaşdırılıb.
Bu barədə məlumatı Manset.az-a Sambo Federeasiyasının Gənclər üzrə yığma komandasının baş məşqçisi Bəxtiyar Hacıyev təsdiq edib.
“Məlum hadisə hamımızı kədərləndirir. Federasiyanın rəhbəri Ceyhun Məmmədovun sədrliyi ilə iclas keçirildi. İclasda yığmanın məşqçiləri və digər üzvləri iştirak edirdi. İclasda azyaşlının ölümünə səbəb olan Mehman Xəlilovun yığmadan uzaqlaşdırılması ilə bağlı qərar qəbul edilib. Düzdür, O, İdman Akademiyasını bitirib, məşqçi kimi diplomu var. M.Xəlilov yığma komandanın üzvü olsa da, məşqçi kimi Sumqayıt Şəhər 1 saylı Uşaq Gənclər və Şahmat idman məktəbində çalışıb. Federasiya rəhbərliyi uşağın ailəsini ziyarət edərək, başsağlığı veriblər”.
Qeyd edək ki, ötən gün Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən dəhşətli görüntülər yayılıb.