“Real Madrid” evdə bacarmadı - Çempionlar Liqası

 09:08 10.05.2023     273

UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinə start verilib.

Redaktor.az xəbər verir ki, raundun ilk oyunu Madriddə keçirilib.

Turnirin son qalibi olan İspaniya klubu “Real Madrid” İngiltərə təmsilçisi “Mançester Siti”ni qəbul edib.

“Santyaqo Bernabeu”dakı qarşılaşmada hesabı meydan sahibləri açıblar. 36-cı dəqiqədə Vinisyus Junior baxımlı qola imza atıb.

Ancaq 67-ci dəqiqədə Kevin De Bruyne eyni dərəcədə gözəl zərbə ilə qarşılıq verib və bərabərlik topunu vurub. Beləliklə, matç 1:1 hesabı ilə başa çatıb.

Bu komandalar arasında cavab oyunu mayın 17-də Mançesterdə keçiriləcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşündə bu gün İtaliya klubları “Milan”la “İnter” üz-üzə gələcəklər.