"Türkiyə Superkubokunu Bakıda keçirmək bizə ancaq xeyir verər" - Şenol Güneş

 20:35 13.05.2023     508

"Türkiyə Superkubokunu və ya hansısa oyunu Bakıda keçirmək bizə ancaq xeyir verə bilər".

Redaktor.az xəbər verir ki, bunu "Beşiktaş"ın baş məşqçisi Şenol Güneş Bakıda "Sabah"la 3:3 hesablı heç-heçə etdikləri xeyriyyə oyunundan sonra mətbuat konfransında deyib.

71 yaşlı mütəxəssis hər iki tərəfin açıq futbola üstünlük verdiyini söyləyib: "Dostluq matçı üçün Bakıya gəlmişik. "Sabah" klubuna və Azərbaycan xalqına təşəkkür edirik. Burada olduğumuz üçün çox xoşbəxtik. Bütün oyunçulara şans vermək istədik. Burada səmimi münasibət gördük. Belə azarkeşlərə gözəl futbol izlətmək istəyirdik. Biz buraya yardım məqsədi ilə gəlmişik. Belə qarşılaşmaların davamı gəlməlidir. Daha əvvəl verdiyimiz sözü bu gün həyata keçirə bildik. Azərbaycanın bütün komandalarına uğurlar arzulayıram".

Şenol Güneş futbolçu Onur Bulutun görüşün sonlarında halının pisləşdiyini və onun xəstəxanada müayinə olunacağını bildirib. O, "Beşiktaş"ın Azərbaycanda çoxlu azarkeşinin olmasına sevindiyini deyib.

Mütəxəssis hazırda "Sabah"la əməkdaşlıq planlarının olmadığını vurğulayıb.