"Mançester Siti" "Real Madrid"i darmadağın etdi - Çempionlar Liqası

 01:17 18.05.2023     671

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Redaktor.az xəbər verir ki, bununla da ikinci finalçının adına aydınlıq gəlib.

Yarımfinalın ilk oyununda İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə edən "Mançester Siti" bu dəfə eyni rəqiblə İngiltərədə qarşılaşıb. "Etihad" stadionundakı görüş meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb - 4:0.

Hesabı 23-cü dəqiqədə Bernardu Silva açıb. Portuqaliyalı yarımmüdafiəçi 37-ci özünün və "şəhərlilər"in 2-ci qolunu vurub. 76-cı dəqiqədə qonaqlardan Eder Militao avtoqol müəllifi olub. Oyunda son nöqtəni isə Xulian Alvares qoyub. Argentinalı hücumçu əsas vaxta əlavə olunmuş ilk dəqiqədə komandasının böyükhesablı qələbəsini rəsmiləşdirib.

Tarixində ikinci dəfə finala yüksələn "Mançester Siti" həlledici oyunda İtaliya "İnter"i ilə qarşılaşacaq. Görüş iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
17 may

23:00. "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 4:0
Qollar: Bernardu Silva, 23; 37. Eder Militao, 76 (avtoqol). Xulian Alvares, 90+1
Baş hakim: Şimon Marçinyak (Polşa)
Mançester, "Etihad" stadionu
İlk oyun - 1:1.