Çempionlar Liqasının qalibi kim olacaq? - İdman jurnalistlərinin PROQNOZU

 11:01 08.06.2023     2345

İyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının final oyunu baş tutacaq.

82 576 azarkeşin izləyəcəyi final matçında İngiltərənin "Mançester Siti" klubu İtaliya "İnter"i ilə qarşılaşacaq.

Qeyd edək ki, "İnter" Çempionlar Liqasının 3 qat (1964, 1965, 2010) qalibidir. "Mançester Siti" isə 2021-ci ildə tarixində ilk dəfə qitənin ən nüfuzlu turnirində finalda oynasa da, "Çelsi"yə məğlub olmuşdu. Bu isə "şəhərlilər"in ikinci final oyunu olacaq.

Bəs, bu komandalar arasında hansının çempionluq şansı çoxdur?

Redaktor.az idman jurnalistləri arasında sorğu aparıb.

Qol.az saytının baş redaktoru Aydın Bağırov bildirdi ki, nəinki onun, bu gün əksər futbol ekspertləri, mütəxəssisləri, idman jurnalistlərinin favoriti "Mançester Siti"dir.

"Pep Qvardiola həqiqətən nəhəng bir komanda yaradıb. Xüsusən yarımfinalda "Real"a qarşı bütün 90 dəqiqə ərzində komandanın sərgilədiyi futboldan sonra Çempionlar Liqasının "Siti"nin haqqı olduğunu söyləyə bilərik. Onlar faktiki olaraq göz açmağa qoymadı, bütün "oyun nəfəsliyi"ni bağladı. Nəticədə böyük bir klub ağır məğlubiyyətə uğradı. Qvardiolanın "Mançester Siti"də Çempionlar Liqası kuboku yoxdur. Həm də bu mənada düşünürəm ki, İstanbulda "İnter"lə oyunda komanda şansı əldən verməyəcək. İtalyanlara gəlincə, onların 13 illik fasilədən sonra yenidən Çempionlar Liqasının finalına yüksəlməsi bu klub üçün böyük uğur sayıla bilər",-deyə o qeyd etdi.

Aparıcı-şərhçi Nurlan Valehoğlu isə qeyd etdi ki, iki fərqli futbol mədəniyyətlərinin qarşılaşması olacaq:

"Sonuncu dəfə İstanbulda oynanılan 2005-ci il Çempionlar Liqası finalı da İtaliya-İngiltərə duelinə səhnə olmuş və dramatik anlarla yadda qalmışdı. Bu dəfəki finalda "Mançester Siti"ni aşkar favorit kimi görürəm. "İnter"in isə illər sonra həlledici oyuna vəsiqə qazanması onlarda da əlavə motivasiya yaradacaq. Hesab təxminim isə 3-0 "Mançester Siti"nin qələbəsi ilə başa çatacaq".

Futbolinfo.az saytının baş redaktoru Vüsal Mahmudov isə bildirdi ki, proqnoz verməyi bacarmır və xoşlamır:

"Final oyununa isə ümumiyyətlə, proqnoz vermək çətindir. Lakin yenə də "Mançester Siti"nin nəhayət, bu kuboku qazanacağını düşünürəm".

"CBC Sport"un redaktoru Asəf Zeynallının fikrincə, finalda favorit "Mançester Siti"dir:

"Hətta mövsümün əvvəlində belə Çempionlar Liqasını qazanmağa ən yaxın komandalardan biri "şəhərlilər" göstərilirdi. Yarımfinalda "Real" kimi nəhəng klubu 4:0 hesabı ilə məğlub etmələri ehtimalları daha da artırdı. Hər şeydən əvvəl komanda yüksək səviyyədə mövsüm keçirdi və İngiltərə çempionu oldu. Çempionlar Liqasını qazanmağa tam kökləniblər. Komandanın oyun sistemi, ən önəmlisi Pep Qvardiola amili belə deməyə əsas verir".

Matc.az saytının baş redaktoru İxtiyar Əsgərov isə bildirdi ki, finalın qalibi əslində yarımfinal oyunundan sonra məlumdur:

"İllərdir "Mançester Siti" bu anı gözləyir. Şübhəm yoxdur ki, "Mançester Siti" final matçında da qələbə qazanacaq. Əgər bukmekerlərin oyuna hər hansı müdaxiləsi olmasa mütləq "Mançester Siti" "Real Madrid"in başına açdığı oyunu "İnter"in də başına aça bilər".

“CBC Sport”un reportyoru Rəvan Mahmudzadənin fikrincə, bu mövsümün ən yaxşısı olduğunu "Mançester Siti" yarımfinal cütündə oyunu ilə sübut etdi:

""Şəhərlilər"də hər zaman Çempionlar Liqasının qalibi olmağı üçün çatışmayan yeganə amil təcrübə idi ki, bu il artıq komandanın kifayət qədər bunu topladığını görürük. Hücum futbolu oynayırlar, müdafiə, yarımmüdafiənin əla olduğu komandada hücumda Erliq Hollandın olması klubun zəif nöqtəsini də qapadır. Finalda favoritim "Mançester Siti"dir. Rəqibin nə qədər təcrübəsi olsa da, Pep Qvardiolanın çempionluğu qaçıracağını düşünmürəm. "İnter"in müdafiə futbolu oynamaqdan başqa çarəsi yoxdur, amma bu komandanın basqısına da müəyyən müddət tab gətirmək mümkündür. Düşünürəm bu il çempion məhz "Mançester Siti" olacaq".

Həmidə İBRAHİMLİ