“Yuventus”un xalları yenidən silindi

 23:58 22.05.2023     368

İtaliyanın Federal Apellyasiya Məhkəməsi maliyyə fırıldağına görə “Yuventus”un A seriyasında 10 xalının silinməsinə qərar verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Football İtalia” məlumat yayıb. 

Beləliklə, xalı 69-dan 59-a düşən Turin klubu A seriyasının turnir cədvəlində 2-ci pillədən 7-ci yerə enib.

“Yuventus” rəhbərliyi klubun maliyyə vəziyyəti ilə bağlı yalan məlumat yaymaqda, bazar manipulyasiyasında, mövcud olmayan əməliyyatlara görə saxta gəlir bəyannaməsi təqdim etməkdə, audit nəzarətinə mane olmaqda ittiham olunub.

Ötən ilin noyabrında “Yuventus”un idarə heyətinin əksər üzvləri, o cümlədən prezident Andrea Anelli istefa verib.

Xatırladaq ki, İtaliya Futbol Federasiyası yanvar ayında maliyyə fırıldaqlarına görə “Yuventus”un A seriyasında 15 xalını silmişdi. Aprel ayında isə İtaliya İdman İdarəsi müvəqqəti olaraq cəzanı ləğv etmişdi.