Messi Çində oteldən çıxa bilmədi

 10:58 12.06.2023     431

Argentina milli futbol komandasının hücumçusu Lionel Messi Pekində oteldən çıxa bilməyib.

Redaktor.az xəbər verir ki, bu barədə "Global Times" yazıb.

Bildirilir ki, Messi şənbə günü Pekinə gəlib. Onun millisi iyunun 15-də Çinin paytaxtında yoldaşlıq görüşündə Avstraliya ilə qarşılaşacaq.

Qəzetin məlumatına görə, Argentina millisinin məşqi əvvəlcə bazar günü axşam Pekindəki idman mərkəzlərindən birində planlaşdırılıb. Lakin Argentina millisinin mehmanxanasının qarşısında toplaşan inanılmaz dərəcədə ehtiraslı azarkeşlər səbəbindən komanda oteldən çıxa bilməyib, məşq ləğv edilməli olub.

"Azarkeşlərin sayı o qədər çox idi ki, idmançının öz otelində qapalı qaldığı xəbəri yayılıb", - məlumatda deyilir.

Nəşr qeyd edir ki, çinli azarkeşlərdən biri Messinin harada qalacağı məlum olmamışdan əvvəl məşhur futbolçu ilə görüşmək şansı üçün 10 000 yuandan (təxminən 1400 dollar) çox pul xərcləyərək paytaxtdakı dörd dəbdəbəli oteldə kor-koranə nömrə bron edib.

Bundan əvvəl "La Gazzetta dello Sport" xəbər vermişdi ki, Messinin Çinə gəlişindən sonra internetdə çoxlu şübhəli təkliflər, o cümlədən 650 avroya stadiona bilet, Argentina imzası olan köynək, ön sırada oturacaqlar daxil olmaqla fərdi VIP paketi və futbolçu ilə şəkil çəkdirmək var idi.

Polisin məlumatına görə, stadiona daxil olmaq üçün ödəniş qəbzi və şəxsiyyəti təsdiq edən sənəd tələb olunsa da, satıcılar biletləri ilkin qiymətdən üç dəfə artıq qiymətə onlayn satırlar.

Turan İSMAYIL