Azərbaycan güləşçiləri son gündə 4 medal qazandı - FOTO
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı sona çatıb.
Redaktor.az xəbər verir ki, altıncı yarış günündə Azərbaycan güləşçiləri iki qızıl, iki bürünc medal qazanıblar.
Cəfər Cəfərov (45 kq) finalda gürcüstanlı Mate Tsinadzeni vaxtından əvvəl məğlub edərək (11:0) Avropa çempionu olub.
Seyhun Əlizadə (51 kq) təsəlliverici görüşdə britaniyalı Danuş Yovkarla qarşılaşıb və 10:0 hesablı qələbəyə sevinib. Seyhun son qarşılaşmada moldovalı Marsel Andronakeni 5:2 hesabıyla üstələyərək bürünc medal qazanıb.
Camal Abbasov isə (60 kq) həlledici görüşdə rusiyalı Akramat Şakriyevlə üz-üzə gəlib. Gəncə güləş məktəbinin yetirməsi 9:2 hesablı qələbəylə ardıcıl 2-ci dəfə U-17 Avropa çempionatının qalibi olub.
İsmayıl Rəhimli (71 kq) təsəlliverici görüşdə gürcüstanlı Yoseb Mefarişvilini mübarizədən kənarlaşdırıb - 5:2. Son görüşdə almaniyalı Feliks Şmitdən xalların keyfiyyətinə görə (3:3) üstün olan Rəhimli bürünc medalı boynundan asıb.