“Ən çətin oyunlarımız belə komandalara qarşı olur” - Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”una rəqib olmalarını dəyərləndirib.
Redaktor.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı klubun mətbuat xidmətinə açıqlamasında bu rəqibə qarşı diqqətli olmağın vacibliyini vurğulayıb:
“Neçə gün idi ki, püşkdə hansı komanda ilə düşəcəyimizi gözləyirdik. “Linkoln” Cəbəllütariq çempionudur və bəzən belə komandaların püşkdə çıxması insanlara və futbolçulara mane olur, rəqibi o qədər də ciddiyə almırlar. Amma bizim illərdir ki, Avropada təcrübəmiz var, illərdir, bu cür komandalara qarşı oynayırıq. Elə ən çətin qarşılaşmalarımız da belə komandalara qarşı olur. Başda mən olmaqla, əsas da ilk turlarda diqqətli olmalıyıq. Bu rəqibə qarşı əvvəlki illərdəkindən daha ciddi yanaşmalıyıq. İllərdir, bu işin içindəyik. Bu gün futbol tam dəyişib. Bütün ölkələr, komandalar futbol oynamağı bacarır. Üzərimizə böyük məsuliyyət düşür. İnşallah, çalışacağıq ki, ilk oyuna komandanı fiziki, taktiki və psixoloji cəhətdən tam hazır edək. Bugünkü məlumata görə, rəqib oyunlarını süni örtüklü meydanda keçirir. Bu da ola bilsin ki, bizə əlavə çətinlik yaratsın. Belə meydanlarla, belə oyunlarla daha əvvələr də üzləşmişik. İlk oyun səfərdə olduğu üçün həddindən artıq diqqətli yanaşacağıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək”.