Neymar 1 milyon dollar CƏRİMƏLƏNƏCƏK

 14:20 24.06.2023     347

PSJ və Braziliya millisinin ulduz hücumçusu Neymar böyük məbləğdə cərimələnəcək.

Redaktor.az “France24”ə istinadla xəbər verir ki, məşhur futbolçu Braziliyada ekoloji pozuntulara görə cərimələnə bilər.

Neymarın Rio-de-Janeyro ştatında ətraf mühitin mühafizəsi orqanlarından icazə almadan malikanə tikdiyi bildirilir.

Bu barədə Rio-de-Janeyro meriyasının xidməti məlumat yayıb.

Tikinti zamanı “ekoloji pozuntular”la müşayiət olunan müəyyən işlər görülüb. Bunlara su axınının dəyişdirilməsi, süni gölü təmin etmək üçün çaydan suyun icazəsiz çıxarılması daxildir.

Torpağın, daşların və qayaların icazəsiz yerdəyişməsi, həmçinin xüsusi icazə olmadan çimərlik qumundan istifadə halları da aşkar edilib.

"Növbəti addım aşkar edilmiş pozuntuların qiymətləndirilməsi və hesablamalara görə və ətraf mühitə dəymiş ziyan nəzərə alınmaqla ən azı 5 milyon real (təxminən 1 milyon dollar) məbləğində cərimə tətbiq etmək olacaq", - mətbuat yazır.

Qeyd edək ki, Neymar 2016-cı ildə Rio-de-Janeyro ştatında mülk alıb. Yerli KİV-in məlumatına görə, o, 10 min kvadratmetr ərazini tutur və heliport, spa və idman zalı daxildir.

Tunar Altunbay