Daha bir cüdoçumuz Avropa çempionu oldu

 21:15 24.06.2023     423

Azərbaycanın yeniyetmə cüdoçusu Ramazan Əhmədov Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Redaktor.az xəbər verir ki, 90 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada türkiyəli İbrahim Tataroğlu ilə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən Əhmədov qitə çempionu olub.

Bu gün tatami üzərinə çıxan digər Azərbaycan cüdoçusu Aslan Kotsoyev (81 kq) isə yarışı medalsız başa vurub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın yeniyetmə cüdoçularından Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (52 kq), Məhəmməd Məmişov (50 kq), Mirxaliq İskəndərov (55 kq) və Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) Avropa çempionu olub, Əhməd Rüstəmov (55 kq) və Mehdi Cəfərov (66 kq) isə bürünc medal qazanıb.