Boksçumuz erməni rəqibini rinqə çıxmağa peşman etdi

 21:31 27.06.2023     270

Azərbaycan boksçusu Avropa Oyunlarında erməni rəqibinə qalib gəlib.

Redaktor.az xəbər verir ki, Azərbaycan boksçusu Məhsəti Həmzəyeva-Ağamalıyeva Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb. 57 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/8 finalda Tatevik Xaçatryanla (Ermənistan) qarşılaşıb.

Döyüş Həmzəyeva-Ağamalıyevanın inamlı qələbəsi ilə başa çatıb.

Boksçumuz erməni rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Məhsəti yekunda 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Bununla da, Avropa Oyunlarında 1/4 finala yüksələn Azərbaycan boksçularının sayı 4-də çatıb.

Məhsətidən öncə Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) bu hüquqa yiyələnib. Qeyd edək ki, 1/4 final döyüşləri iyunun 28-də keçiriləcək.