Boks üzrə yığmamız III Avropa Oyunlarını bu pillədə başa vurdu

 20:02 02.07.2023     367

Polşada təşkil olunan III Avropa Oyunlarında 42 ölkənin iştirakı ilə 10 gün davam edən boks yarışlarının yekununda medal əldə edən ölkələrin siyahısı açıqlanıb.

Azərbaycan Boks Federasiyasından Redaktor.az-a bildirilib ki, Oyunlarda 7 çəkidə təmsil olunan kişilərdən ibarət yığmamız 2 medala qazanıb. Hesabına 1 gümüş və 1 bürünc mükafat yazan komandamız medal sıralamasında yarışı 7-ci pillədə başa vurub. Millimiz bu yerə İspaniya, İrlandiya və Türkiyə ilə şərikdir.

Ümumilikdə boks üzrə 18 yığma Polşada medal qazanıb. Onlardan cəmi 6 ölkənin təmsilçiləri çempionluq sevinci yaşayıblar.

Siyahıda birinci yeri Fransa yığması tutub. İkinci yerdə İtaliya, üçüncü pillədə isə Bolqarıstan və Böyük Britaniya qərarlaşıblar.

Xatırladaq ki, yığmamızın heyətində Məhəmməd Abdullayev (+92 kq) gümüş, Murad Allahverdiyev (80 kq) bürünc medal qazanıb. Hər iki boksçu “Paris-2024” Yay Olimpiya Oyunlarına da lisenziya əldə edib.