Mbappe bu yay "Real"a keçməyəcək

 10:26 03.07.2023     366

2018-ci ilin dünya çempionu fransalı Kilian Mbappe yay transfer pəncərəsində Fransanın "Paris Sen-Jermen" klubundan İspaniya "Real Madrid"inə keçməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" qəzeti Madrid klubundakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Real Madrid" fransalı ilə 2024-cü ilin yanvarında ilkin müqavilə imzalaya bilər. İyunun 27-də "Foot Mercato" portalı xəbər verib ki, İspaniya komandasının rəhbərliyi Mbappenin cari mövsümlərarası keçidini rəsmiləşdirmək və ya 2024-cü ilin yayına qədər gözləmək variantları arasında tərəddüd edir.

İyunun 12-də L'Equipe, Mbappenin PSJ ilə müqavilənin uzadılmasından imtina etdiyini və 2024-cü ilin iyununda azad agent olacağını bildirib. Hücumçunun 2023/24 mövsümünün sonunda başa çatacaq PSJ ilə müqaviləsinə daha bir mövsüm uzatma variantı daxildir. Ertəsi gün Mbappe AFP-yə PSJ rəhbərliyi ilə müqavilənin uzadılmasını müzakirə etmədiyini söyləyib. Daha sonra futbolçu sosial şəbəkələrdə növbəti mövsümü Fransa klubunun tərkibində keçirmək niyyətində olduğunu qeyd edib.

24 yaşlı Mbappe 2018-ci ildən PSJ-də çıxış edir və PSJ ilə beş dəfə Fransa çempionu və üç dəfə kubok çempionu olub. Mbappe Fransa yığması ilə birlikdə Rusiyada keçirilən 2018-ci il Dünya Kubokunun qalibi olub və 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının gümüş medalını qazanıb və burada səkkiz qolla bombardir olub. 2021-ci ildə milli komandanın tərkibində forvard Millətlər Liqasının qalibi olub.

Turan İSMAYIL