PSJ prezidenti Mbappeni pulsuz buraxmayacağını bəyan etdi

 19:56 05.07.2023     293

Fransanın "Paris Saint-Germain" klubunun rəhbərliyi 2018-ci ilin dünya çempionu Kilian Mbappeni 2023/24 mövsümündən sonra müqavilənin sonunda pulsuz buraxmaq niyyətində deyil.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə günü Parisdə keçirilən mətbuat konfransında PSJ-nin prezidenti Naser Əl-Xelaifi məlumat verib.

Onun sözlərinə görə, Mbappe növbəti mövsümə Fransa klubunda başlamağı planlaşdırırsa, yeni müqavilə imzalamalıdır.

"Mövqeyimiz çox sadədir. Əgər Mbappe qalmaq istəyirsə, bizim istədiyimiz kimi, o, yeni müqavilə imzalamalıdır. Biz onu pulsuz buraxmayacağıq. Qoy düşünməsin ki, buradan azad gedəcək” - klub rəhbəri deyib.

İyulun 3-də İspaniyanın "Marca" qəzeti Mbappenin yay transfer pəncərəsi zamanı "Real Madrid"ə keçməyəcəyini yazıb. Mənbənin sözlərinə görə, "Real Madrid" fransalı ilə 2024-cü ilin yanvarında ilkin müqavilə imzalaya bilər. İyunun 27-də Foot Mercato portalı xəbər verib ki, İspaniya komandasının rəhbərliyi Mbappenin cari mövsümlərarası keçidini rəsmiləşdirmək və ya 2024-cü ilin yayına qədər gözləmək variantları arasında tərəddüd edir.

İyunun 12-də L'Equipe, Mbappenin PSJ ilə müqavilənin uzadılmasından imtina etdiyini və 2024-cü ilin iyununda azad agent olacağını bildirdi. Hücumçunun 2023/24 mövsümünün sonunda başa çatacaq PSJ ilə müqaviləsinə daha bir mövsüm uzatma variantı daxildir. Ertəsi gün Mbappe AFP-yə PSJ rəhbərliyi ilə müqavilənin uzadılmasını müzakirə etmədiyini söylədi. Daha sonra futbolçu sosial şəbəkələrdə növbəti mövsümü Fransa klubunun tərkibində keçirmək niyyətində olduğunu qeyd edib.

24 yaşlı Mbappe 2018-ci ildən PSJ-də çıxış edir və PSJ ilə beş dəfə Fransa çempionu və üç dəfə kubok çempionu olub. Mbappe Fransa yığması ilə birlikdə Rusiyada keçirilən 2018-ci il Dünya Kubokunun qalibi olub və 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının gümüş medalını qazanıb və burada səkkiz qolla bombardir olub. O, 2021-ci ildə milli komandanın tərkibində Millətlər Liqasının qalibi olub.

Turan İSMAYIL