İdmançımız Avropada bürünc medal qazandı
1-10 iyul tarixlərində Moldovanın paytaxtı Kişineuda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi davam edir. Yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.
Redaktor.az xəbər verir ki, bu dəfə körpücük üzərinə Turan Əliyev çıxıb. O, yaşı 17-yə qədər olan oğlanlar arasında 67 kq çəki dərəcəsində mübarizə aparıb.
Atletimiz birdən qaldırma hərəkətində 114 kq nəticə göstərib və bu hərəkətdə 4-cü yeri tutub.
Turan təkanla qaldırma hərəkətində 136 kq-ı ram edib və bu hərəkətdə də 4-cü olub.
Toplam 250 kq (114+136) nəticə göstərən Əliyev yekun sıralamada bürünc medal qazanaraq fəxri kürsüyə yüksəlməyi bacarıb.