"Neftçi"nin qapıçısı əməliyyat olunacaq
"Matç TV Kuboku"nda Serbiyanın "Srvena Zvezda" komandası ilə oyunda zədələnmiş "Neftçi"nin qapıçısı Emil Balayevin durumuna aydınlıq gəlib.
Redaktor.az-ın məlumatına görə, bu barədə "ağ-qaralar"ın həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib.
O, oyunçunun müayinədən keçdiyini bildirib: "Emil Balayev axil vətərinin total cırılması diaqnozu ilə əməliyyat olunacaq. Qapıçı təqribən beş ay yaşıl meydanlardan kənarda qalacaq".
Qeyd edək ki, "Neftçi" iyunun 30-da Emil Balayevin transferini açıqlamışdı. Paytaxt təmsilçisi Serbiya komandasına 0:4 hesabı ilə uduzub.