"Qarabağ" Çempionlar Liqasında qələbə qazandı - YENİLƏNİB

 21:39 11.07.2023     1139

"Qarabağ" UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb.

Redaktor.az xəbər verir ki, "köhlən atlar" I təsnifat mərhələsinin ilk oyununda Cəbəllütariqdə "Linkoln"un qonağı olub. "Viktoriya" stadionunda oynanılan görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matça Ağdam klubu üstün başlasa da, ilk qolu 25-ci dəqiqədə meydan sahibləri vurublar. Əks-hücumu Kike Qomes məntiqi sonluqla başa çatdırıb. Buraxılan topdan sonra Azərbaycan çempionu Nəriman Axundzadə ilə qola yaxın olsa da, ilk hissədə hesabı bərabərləşdirmək mümkün olmayıb və komanda fasiləyə məğlub yollanıb.

İkinci yarıya da fəal başlayan "Qarabağ" istədiyi qolu 58-ci dəqiqədə vurub. Abdullah Zubirin ötürməsindən sonra Redon Cica qüvvətli zərbə ilə tarazlığı bərpa edib. Son nöqtəni isə əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Yassin Benzia qoyub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində "Rakuv" (Polşa) - "Flora" (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq (report).

****

20:53

Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda hesab bərabərləşib.

Redaktor.az xəbər verir ki, 58-ci dəqiqədə Ağdam klubunun hücumçusu Redon Cica tarazlığı bərpa edib - 1:1.

***

20:38

Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

Redaktor.az xəbər verir ki, ilk yarıdan sonra Azərbaycan çempionu hesabda geridədir - 0:1.

***

20:27

Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

Redaktor.az xəbər verir ki, Ağdam təmsilçisi fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb.

Yeganə qolu 25-ci dəqiqədə meydan sahiblərindən Kike Qomes vurub.

***

19:56

Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

Redaktor.az-ın məlumatına görə, 25-ci dəqiqədə meydan sahibləri Kike Qomesin qolu ilə önə çıxıblar.