“Linkoln”un baş məşqçisi: “Cavab oyununa xüsusi planlarımız var”
“Cavab oyununa xüsusi planlarımız var, Bakıya gəzməyə gəlməmişik. Planımı burada açıqlamayacağam”.
Redaktor.az xəbər verir ki, bunu Cəbəllütariqin “Linkoln” klubunun baş məşqçisi Xavi Munyoz “Qarabağ”a qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis onları Bakı Olimpiya Stadionunda çətin mübarizə gözlədiyini bildirib: “Oyuna məğlub başlayacağıq. Buna baxmayaraq, komandamıza inamımız böyükdür. Ümid edirəm ki, fərqli bir şey etməyə nail olacağıq”.
İspaniyalı məşqçi mətbuatda yazıldığı kimi, Bakıya 16 saatlıq yol qət etmədiklərini əlavə edib: “Düzdür, səfər uzun oldu. Amma sizin qeyd etdiyiniz qədər uzun deyildi. Klub bizim üçün rahat şərait yaratmağa çalışdı. Bu amilin sabah oyunumuza təsir edəcəyini düşünmürəm”.
O, “Qarabağ”ı oyunları ilə təəccübləndirəcəklərinə inanır: “İlk oyunda qurduğumuz plan özünü doğrultdu. Hətta qələbə də qazana bilərdik. Sadəcə, qalib gələ bilməməyimizi bəxtsizlik kimi qəbul edirəm. “Qarabağ”ı yenə təəccübləndirmək üçün hər şeyi edəcəyik”.
Qeyd edək ki, iyulun 19-da keçiriləcək “Qarabağ” – “Linkoln” görüşü saat 20:00-da başlayacaq.