"Qarabağ” darmadağınla II təsnifat mərhələsinə vəsiqə QAZANDI

 21:54 19.07.2023     1101

“Qarabağ” UEFA Çempionlar Liqasında I mərhələni keçib.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi “Linkoln”u səfərdə olduğu kimi, evdə də məğlubiyyətə uğradıb.

Bir həftə əvvəl “Viktoriya” stadionunda 2:1 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə rəqib qapısından 4 cavabsız qol keçiriblər - 4:0.

Qarşılaşmada hesabı 7-ci dəqiqədə fransalı yarımmüdafiəçi Abdullah Zubir açıb. Fasilə ərəfəsində ağdamlılar fərqi iki topa çatdırıblar. 45+1-ci dəqiqədə Bəhlul Mustafazadə başla vurduğu dəqiq zərbə ilə rəqibi məyus edib.

Fasilədən dərhal sonra qonaqlar növbəti dəfə mərkəzə dəvət olunublar. 49-cu dəqiqədə albaniyalı hücumçu Redon Cica topu boş qapıdan keçirməkdə çətinlik çəkməyib. “Qarabağ” bununla da kifayətlənməyib. 62-ci dəqiqədə monteneqrolu yarımmüdafiəçi Marko Yankoviçin zərbəsi qarşısıalınmaz olub və Azərbaycan çempionu 4:0 hesablı qələbə qazanıb.

Darmadağınla II təsnifat mərhələsinə yüksələn “Qarabağ” burada Polşa çempionu “Rakuv”a rəqib olub. İlk oyun iyulun 26-da Polşada olacaq.

***

21:21

“Qarabağ”la Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 4-cü qol vurulub.

Redaktor.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionundakı görüşdə bu dəfə də meydan sahibləri seviniblər.

Matçın 62-ci dəqiqəsində Marko Yankoviç fərqlənib - 4:0.

****

21:10

“Qarabağ”la Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda növbəti qol qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionundakı görüşdə yenə Azərbaycan çempionun fərqlənib.

Qarşılaşmanın 51-ci dəqiqəsində Redon Cica adını tabloya yazdırıb - 3:0.

21:07

“Qarabağ” və Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

Redaktor.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionundakı görüşdə fasilə başa çatıb.

Birinci hissədən sonra “Qarabağ” 2:0 hesabı ilə öndədir.

***

20:48

“Qarabağ” və Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.

Redaktor.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil edilən qarşılaşmada komandalar fasiləyə yollanıblar.

“Qarabağ” birinci hissədə vurduğu qollar sayəsində 2:0 hesabı ilə öndədir.

****

20:49

Bakı Olimpiya Stadionunda “Qarabağ” və Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda daha bir qol vurulub.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan çempionu fərqi iki topa çatdırıb - 2:0.

45+1-ci dəqiqədə müdafiəçi Bəhlul Mustafazadə başla fərqlənib.

****

20:07

Bakı Olimpiya Stadionunda “Qarabağ” və Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan çempionu rəqib qapısına yol tapıb.

Matçın 7-ci dəqiqəsində Abdullah Zubir fərqlənib - 1:0.

***

20:00

Bu gün "Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"u ilə cavab oyununa çıxır.

Redaktor.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayıb. Oyunu Albaniyadan olan hakimlər briqadası idarə edir.

Cəbəllütariqdə oynanılan ilk görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ" iki matçın cəmində "Linkoln" səddini aşarsa, 2-ci təsnifat mərhələsində Polşa "Rakuv"u ilə qarşılaşacaq.

Qeyd edək ki, ÇL-də 2-ci təsnifat mərhələsinin oyunları 25-26 iyul və 1-2 avqust tarixlərində keçiriləcək.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunu

20:00. "Qarabağ" - "Linkoln" (Cəbəllütariq) - 0:0 (Birinci hissə)

Hakimlər: Eldorjan Hamiti, Ridiger Çokaj, Ani Koçiaj, Cjapi Kreşnik (Albaniya)

Bakı Olimpiya Stadionu.

İlk oyun - 2:1.