Rəqib mübarizədən əl çəkmirdi - Qurban Qurbanov
“Böyükhesablı qələbə olsa da, rəqib mübarizədən əl çəkmirdi".
Redaktor.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Cəbəllütariq klubu “Linkoln”a 4:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis maraqlı mübarizə alındığını söyləyib: “Futbolçularmı təbrik edirəm. Futbolçularım sona kimi çox güc sərf etdilər. Sonda yaxşı qalibiyyət oldu. Yaxşı atmosfer yaratdıqları üçün azarkeşlərə təşəkkür etmək istəyirəm".
O, müdafiəçi Kevin Medinanın start heyətində yer almamasının başqa komandaya keçməsi ilə əlaqədar olmadığını söyləyib: “Medina ilə ciddi maraqlanırlar. Amma Medina hələ bizimlədi. Bu gün əsas heyətdə oynamaması da sırf bununla bağlı deyildi”.
Baş məşqçi növbəti raunddakı rəqib “Rakuv”un fərqli üsluba malik olduğunu vurğulayıb: “Hər bir rəqibin bizə qarşı yaşatdığı çətinliklər var. Hər komanda fərqli oyun sistemində çıxış edir. “Linkoln”u məğlub etmək heç də asan olmadı. “Rakuv”a qarşı dəyişiklik olmalıdır. Onlar fərqli oyun sistemində çıxış edirlər, bərk komandadır. “Rakuv” ciddi rəqibdir. Polşa futbolundan tam fərqli oyun fəlsəfələrinə malikdirlər. Onları yaxından tanımaq üçün 5-6 gün vaxtımız olacaq. Başda mən olmaqla, bu oyuna yaxşı hazırlıq keçəcəyik”.
Qurbanov yarımmüdafiəçi Yassin Benziyanın hələ optimal formada olmadığını deyib: “Benziyanın ustalığına heç vaxt şübhəm olmayıb. Sadəcə, uzun müddət kənarda qaldığı üçün idman formasından uzaqlaşmışdı. Bizə gəldikdən sonra da iki dəfə zədələnmişdi. Bu gün də 90 dəqiqə meydanda saxlamadıq. Çünki hazır deyil. Daha 3-4 belə oyun keçirsə, əsl Benziyanı görəcəyik. Bu gün tam razı deyiləm. Onu tələsmədən yaxşı səviyyəyə gətirməyə çalışırıq”.
Təcrübəli mütəxəssis müdafiəçi Bəhlil Mustafazadənin bu görüşdə hücuma daha çox atıldığını bildirib: “Standart vəziyyətlərdən sonra hücumda görünürdü. Standart vəziyyətlər zamanı düzgün mövqe seçə bilir. Bu da onun üstünlüyüdür. Hücuma daha çox getməsini deməmişdim. Amma hücumların başlamasında rol oynamasını tapşırmışdıq”.
Qurbanov ən böyük arzusunun “Qarabağ”ı ildən-ilə irəli aparmaq olduğunu deyib: “Bu komandanın həmişə mübariz kollektiv olmasını istəmişəm. Azərbaycan futbolunda bu komandanın adı tam fərqlənir. Mənim bir istəyim, məsuliyyətim olub - nə qədər güc sərf etmək lazımdırsa, onu da edəcəyəm ki, komandanın uğurları olsun. Hər il bir pillə irəli getmək arzumuzdur. Nə dərəcədə nail olduğumuzu oyunlarda görürsünüz”.
Baş məşqçinin azarkeşlərdən istəyi futbolçulara qarşı pozitiv reaksiyalar göstərmələridir: “Çox istərdim ki, azarkeşlərdən futbolçulara qarşı həmişə pozitiv reaksiya olsun. Futbolçular normal insandır, böyük yükün altına girirlər. Milyonlar onlardan böyük uğurlar gözləyirlər. Onlar bacardıqlarından artığını etməyə çalışırlar. İşgüzar, özlərinə qarşı tələbkardırlar. Azarkeşlər təkcə “Qarabağ”a yox, azərbaycanlı futbolçulara qarşı pozitiv reaksiya göstərmələrini istəyirəm. Azarkeşin şəxsi düşüncəsi, istəyi olur. Belə hallar futbolu daha da gözəlləşdirir. Bəzi komandalara bu, müsbət təsir göstərir”.
Qurban Qurbanov hücumun mərkəzində problem yaşamadıqlarını düşünür: “Dünya futbolunda çox az klubda mərkəz hücumçusuna rast gələ bilərik. İndi futbol tam fərqlidir. Bəzi klublara mərkəz hücumçusu lazım olmur. Bu gün Redon Cicanı orada istifadə edirik. Juninyonu almışıq, Keyta da həmin mövqedə çıxış edə bilər. Mərkəz hücumçusu ilə bağlı sıxıntı yaşamırıq. Ön xətdəki oyunçulardan razıyam”.
“Qarabağ”ın baş məşqçisi transfer çalışmalarını davam etdirdiklərini sözlərinə əlavə edib: “Transfer bazarı işimizin ən vacib hissələrindən biridir. Daim yeni oyunçular axtarırıq. Hər bir məşqçi öz düşüncəsinə uyğun futbolçu axtarır. Bəzən hansısa transferin reallaşması üçün illər gözləməli olursan. Hazırda da transfer işlərimiz davam edir. Bir neçə futbolçu ilə danışıqlar gedir. Bu, müdafiə, yarımmüdafiə və hücum xəttinə ola bilər. Onları uzun müddətdir izləyirik. Bəzən düşünmədiyin anda transfer alınmır. 20-25 gün əvvəl başımıza belə hal gəldi. Futbolçunun biletini də almışdıq, səhər Bakıda olmalı idi. Amma sonda keçid baş tutmadı. Bəzən bizdən asılı olmayan məqamlar yaşanır. Transfer ola da bilər, olmaya da”.
O, 2023/2024 mövsümündə Premyer Liqanın daha maraqlı alınacağını vurğulayıb: “İddialı komandalarımız çoxalıb. Düşünürəm ki, gələn mövsüm çempionatımızda mübarizə daha maraqlı olacaq”.
Qeyd edək ki, “Qarabağ” ilk oyunda səfərdə 2:1 hesablı qələbə qazanıb. Azərbaycan çempionu II raundda Polşa təmsilçisi “Rakuv”la qarşılaşacaq.