UEFA “Neftçi”nin rəqibini cərimələdi
“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Bosniya və Herseqovina klubu “Jelezniçar” cərimələnib.
Redaktor.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, buna səbəb I raundda Belarus təmsilçisi “Dinamo” (Minsk) ilə ev oyununda azarkeşlərin tribunaların pilləkənlərində oturmaları və keçidi bağlamaları olub.
Fanatların bu davranışı sarayevoluların UEFA tərəfindən 8000 avro məbləğində cərimələnməsinə səbəb olub. “Jelezniçar” tamaşaçılardan “Neftçi” ilə keçiriləcək matçda eyni səhvi təkrarlamamağı xahiş edib.
Qeyd edək ki, iyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.