Komandamız Sloveniyada daha bir medal QAZANDI
Sloveniyanın Maribor şəhərində XVII Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçirilən cüdo yarışları davam edir.
Redaktor.az xəbər verir ki, bu gün Azərbaycan komandasının 3 çəki dərəcəsində daha 3 (2 oğlan, 1 qız) cüdoçusu tatami üzərinə çıxıb.
Cüdoçularımızdan yalnız -81 kq çəki dərəcəsində qüvvəsini sınayan Süleyman Şükürov fəxri kürsüdə yer alıb. İlk mərhələdən azad olan təmsilçimiz 1/8 finalda Arel Koçinskini (İsrail), növbəti mərhələdə isə Adrian Durdeviçi (Bosniya və Herseqovina) mübarizədən kənarlaşdırıb. Yarımfinalda almaniyalı Jozef İvtçenkonu da üstələyən yeniyetmə cüdoçumuz adını finala yazdırıb. Həlledici görüşdə rumıniyalı David Qaliqaya uduzan Süleyman Şükürov gümüş medala sahib çıxıb.
Bununla da Azərbaycan komandasının “Maribor-2023”də qazandığı medalların sayı 7-yə (2 qızıl, 1 gümüş, 4 bürünc) çatıb.
Komandamızın digər üzvü Hüseyn Eyvazlı (-73 kq) isə ilk görüşdə məğlubiyyətlə üzləşib. Təmsilçimiz 1/16 finalda polşalı Françizek Levandovskiyə uduzaraq mübarizəni erkən dayandırıb.
Qızlar arasında -63 kq çəki dərəcəsində qüvvəsini sınayan Kamilla Töhöliyeva da mübarizəyə 1/16 finaldan başlayıb. Cüdoçumuz ilk görüşdə ukraynalı Kristina Opanasenkoya məğlub olub. Kamilla üçüncü yer uğrunda təsəlliverici görüşə çıxsa da bu mərhələdə israilli Lihi Boarona uduzaraq yarışla vidalaşıb.