Şahruddin sabah oynayacaq? - Qurban Qurbanovdan açıqlama

 18:17 01.08.2023     394

“Bizim üçün vacib oyundur. Çox intizamlı komandaya qarşı oynayırıq”.

Redaktor.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Rakuv”la Bakıdakı cavab oyunu ərəfəsində 51 yaşlı mütəxəssisin mətbuat konfransı keçirilib.

Qurbanov sabah baş tutacaq matç barədə fikirlərini açıqlayıb: “Üstünlük bir az rəqib tərəfdədir. Amma hər bir halda, geridə qalan günlərdə pis hazırlaşmadıq. Rəqibi tam yaxından tanıdıq. Sabah yaxşı nəticə üçün meydanda çox əziyyət çəkməliyik. Futbolçularım oyunun gedişində bunu hiss etməlidirlər. Bu komandaya qarşı heç bir an belə, oyundan qopmaq olmaz. Rəqibi analiz etmişik. Futbolçularla söhbətimiz olub. Çalışacağıq ki, sabah ən yaxşı oyunlarımızdan birini oynayaq. Buna ehtiyac var. Hər bir futbolçu oyuna məsuliyyətli hazırlaşıb”.

Baş məşqçi Şahruddin Məhəmmədəliyevin buraxdığı səhvlərə görə azarkeşlər tərəfindən ciddi tənqid edilməsinə də münasibət bildirib:

"Bəli, yazılanlardan məlumatım var. Amma bu kollektiv oyundur. Start heyəti sabah bilinəcək. Oynamaq şansı da çoxdur. Bu gün tam vaxtımız var. Bizim fikrimiz, diqqətimiz oyunda, rəqibdə olmalıdır. Biz oyundan kənara çıxmamalıyıq. Başımızı aşağı salıb, işimizi görməliyik. Hər bir oyunçumuz çalışmalıdır ki, bu oyunda səhvlərdən uzaq olsun. Eləcə də, qapıçılarımız".

Qeyd edək ki, “Qarabağ” – “Rakuv” qarşılaşması saat 20:00-da başlayacaq.