Azərbaycan şahmatçıları tay-brekdən qalib ayrıldı

 21:53 01.08.2023     294

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda ilk raundun tay-brek görüşləri keçirilib.

Redaktor.az-ın məlumatına görə, Eltac Səfərli, Abdulla Qədimbəyli, Vüqar Əsədli və Misrətdin İskəndərov qələbə qazanmaqla ikinci raunda vəsiqə əldə ediblər.

Günün ən uzun partiyası Süleymanlı ilə çinli Yunqlyun Syu arasında olub. Ardıcıl 9 heç-heçədən sonra Azərbaycan təmsilçisi 10-cu görüşdə qələbə qazanaraq növbəti mərhələdə iştirakını təmin edib.

Avqustun 2-də turnirdə ikinci raunda start veriləcək. 1\64 finalda Teymur Rəcəbov Viktor Erdoş (Macarıstan), Şəhriyar Məmmədyarov Tin Jinqao (Sinqapur), Nicat Abasov Loran Fressine (Fransa), Rauf Məmmədov Aleksandr Predke (Serbiya), Qədir Hüseynov Yonas Byere (Danimarka), Vasif Durarbəyli isə Jül Mussarla (Fransa) mübarizə aparacaq.

Qadınların yarışında isə 1\32 finalın ilk partiyaları oynanılacaq. Azərbaycan şahmatçılarından Günay Məmmədzadə Alina Bivol (Ukrayna), Ülviyyə Fətəliyeva Moniko Soçko (Polşa), Gövhər Beydullayeva Polina Şuvalova (FIDE), Gülnar Məmmədova isə Nino Baçiaşviliyə (Gürcüstan) qarşı yarışacaq.

Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.