Voleybol məşqçiləri üçün seminara start verildi

 19:10 04.08.2023     297

Azərbaycan Voleybol Federasiyası (AVF) bölgələrdə voleybolun inkişaf etdirilməsi işini davam etdirir.

AVF-dən Redaktor.az-a verilən məlumata görə, bu məqsədlə avqustun 3-də müxtəlif bölgələrdən olan voleybol məşqçiləri üçün təşkil olunan seminara start verilib.

Avqustun 5-dək davam edəcək seminarı yeniyetmə və gənc qızlardan ibarət Azərbaycan millilərinin rəhbəri Şahin Çatma keçir.

Seminarda Ağstafa, Tovuz, Qazax, Şəmkir, Goranboy rayonlarından olan məşqçilər iştirak edir. Nəzəri və təcrübi hissələrdən ibarət olan tədbirin yekununda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Seminar voleybolun inkişaf etdirilməsi istiqamətindəki tədbirlər çərçivəsində təşkil olunub. Burada məqsəd bölgələrdə fəaliyyət göstərən məşqçilərin yeni qaydalarla tanışlığını təmin etmək, həmçinin, müxtəlif rayon və şəhərlərdə çalışan mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsidir.

Qeyd edək ki, AVF digər bölgələrdən olan voleybol məşqçiləri üçün də seminarlar təşkil edəcək.