"Beşiktaş"ın iki ulduzu "Neftçi" ilə oyunu buraxacaq
Türkiyə "Beşiktaş"ının iki aparıcı futbolçuları Cenk Tosun və Raşid Gezzal Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu buraxacaqlar.
Redaktor.az-ın məlumatına görə, bu barədə İstanbul klubunun baş məşqçisi Şenol Güneş yerli mətbuata açıqlama verib.
71 yaşlı mütəxəssis bildirib ki, zədəsini yenicə sağaldan oyunçular avrokubok matçında meydana çıxmayacaqlar: "Cenk Tosun ağır zədədən qayıdıb. Vəziyyəti normaldır. Amma "Neftçi" ilə qarşılaşmada iştirakı çətin görünür. Risk edə bilmərəm. Amma cavab matçında və çempionat qarşılaşmasında oynaya bilər. Gezzal isə fərdi məşqlərini davam etdirir. Bu həftədən komanda ilə hazırlığa başlayacağı gözlənilir".
Qeyd edək ki, "Neftçi" ilə "Beşiktaş" arasında ilk oyun avqustun 10-da baş tutacaq. "Neftçi Arena"da keçiriləcək görüş saat 21:00-da start götürəcək. Cavab görüşü isə avqustun 17-də İstanbulda keçiriləcək.