Teymur Rəcəbov mübarizəni dayandırdı - Dünya Kuboku
Bakıda təşkil edilən şahmat üzrə Dünya Kubokunda III mərhələnin tay-brek görüşləri keçirilib.
Redaktor.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ispaniyalı Hayme Santosla üz-üzə gəlib.
İlk partiya rəqibin uğurlu oyunu ilə yadda qalıb. Ağ fiqurlarla oynayan Rəcəbov məğlubiyyət acısı yaşayıb. İkinci görüşdə tərəflər heç-heçə edib. Yekunda ümumi nəticəyə əsasən Santos 1/16 finala adlayıb. Rəcəbov isə yarışda iştirakını dayandırıb.
Azərbaycanın digər şahmatçısı Rauf Məmmədov da komanda yoldaşının aqibətini yaşayıb. O, FIDE adından çıxış edən Yan Nepomnyaşiyə hər iki oyunda uduzmaqla turnirlə vidalaşıb.
Nicat Abasov isə niderlandlı Aniş Girini üstələməklə növbəti mərhələyə vəsiqəni təmin edib. İlk rapid oyununda təcrübəli qrossmeyster qələbə qazansa da, Abasov ikinci qarşılaşmada hesabı bərabərləşdirib. İlk iki blits partiyasında tərəflər heç-heçəyə razılaşıblər- 0,5:0,5; 0,5:0,5. Növbəti blits partiyaları həlledici olub. Birinci blits bərabərliklə başa çatsa da, növbəti oyun Abasovun qələbəsi ilə yekunlaşıb. Azərbaycan şahmatçısı 1/16 finalda FIDE adından çıxış edən Pyotr Svidlerlə qarşılaşacaq.
Qeyd edək ki, avqustun 8-i Dünya Kubokunda istirahət günüdür.