“Sabah” UEFA Konfrans Liqasında qələbə qazandı

 22:40 10.08.2023     310

Bakının “Sabah” komandası avqustun 10-da UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Serbiyanın “Partizan” komandasını qəbul edib.

Redaktor.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüşdə “Sabah” 2:0 hesabı ilə qalib gəlib.

Gürcüstanlı referi Giorgi Kruaşvilinin idarə etdiyi oyunun birinci hissəsində hesab açılmayıb. Matçın ikinci hissəsində daha gərgin idman mübarizəsi yaşanıb. Bu hissədə daha inamlı oyun göstərən bakılılar 69-cu dəqiqədə hesabı açmaq üçün gözəl şans əldə ediblər. Lakin Aleksey İsayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Bu epizoddan 1 dəqiqə sonra “Sabah” istəyinə çatıb. Boyan Letiçin cərimə meydançasının kənarından vurduğu baxımlı zərbədən sonra top qapı tirinə toxunaraq tora daxil olub. – 1:0. Bu qoldan dörd dəqiqə sonra – 74-cü dəqiqədə B.Letiç Aleksey İsayevin ötürməsini qolla tamamlayaraq dublunu rəsmiləşdirib – 2:0.

Qalan dəqiqələrdə hesab dəyişməyib və “Sabah” UEFA Konfrans Liqasında mübarizəyə qələbə ilə başlayıb.