Azərbaycanın 3 sərbəst güləşçisi bürünc medal qazana bilər

 23:24 14.08.2023     259

Azərbaycanın 3 sərbəst güləşçisi İordaniyanın paytaxtı Ammanda start götürən U-20 dünya çempionatında bürünc medal qazana bilər.

Redaktor.az-ın məlumatına görə, mübarizəyə 1/8 finaldan qoşulan Ruslan Abdullayev (57 kq) almaniyalı David Kiferə tam üstünlüklə qalib gəlib – 10:0. Avropa çempionu növbəti mərhələdə iranlı Əhməd Mohammadnejadcavanı “tuş”la üstələyərək yarımfinala yüksəlib. ABŞ təmsilçisi Luk Lilledalla görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrə qədər 9:5 hesabıyla öndə olan Abdullayev bir səhvin qurbanı olub və “tuş”la uduzub. O, avqustun 15-də bürünc medal uğrunda güləşəcək.

Ramik Heybətov (65 kq) debütdə rusiyalı Dalqat Abdulkadirovla bacarmayıb – 0:7.

Mircavad Nəbiyev (70 kq) 1/8 finalda ABŞ-dan olan Meyer Şapirova 4:6 hesabıyla məğlub olub. Rəqib finaladək irəlilədiyi üçün Nəbiyev təsəlliverici görüşdə iştirak hüququ qazanıb. O, sabah yaponiyalı Yuma Tomiyama ilə qarşılaşacaq.

Ali Tsokayev (79 kq) polşalı Mateuş Pedzitski (10:0), avstriyalı Lukas Lins (10:0) və gürcüstanlı Otari Adeişvilini (13:2) vaxtından əvvəl mübarizədən kənarlaşdırıb. Ancaq yarımfinalda rusiyalı İbrahim Kadiyev keçilməz olub – 4:8. Tsokayev bürünc medal görüşünə çıxacaq.

Zəfər Əliyev (97 kq) ilk mərhələdə ermənistanlı Xaçatur Xaçatryana (7:0) heç bir şans tanımasa da, 1/8 finalda qazaxıstanlı Kamil Kuruqliyevə 2:5 hesabıyla uduzub.