Neymar ərəb klubuna keçdi
Fransanın “Paris Saint-Germain” klubu futbolçu Neymarın satışı ilə bağlı Səudiyyə Ərəbistanın “Əl-Hilal” klubu ilə razılığa gəlib.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, hücumçu 90 milyon avro və əlavələr qarşılığında satılıb.
Braziliyalı Neymar yeni komandasında 10 nömrə geyinəcək.
Bundan əlavə hücumçunun sərəncamında şəxsi təyyarəsi və qulluqçuları olan böyük evi olacaq. Səudiyyə Ərəbistanı qanunlarına görə nikahsız qızla birgə yaşamaq qadağan olsa da, Neymara evli olmadığı sevgilisi Bruna Biankardi ilə yaşamağa icazə veriləcək.
“Əl-Hilal” hər qələbəyə görə Neymara 80 min avro ödəyəcək.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2017-ci ildə dünya futbolu üçün rekord məbləğə - 222 milyon avroya “Barselona”dan PSJ-yə keçib. Hücumçu Fransa komandasının tərkibində 173 oyun keçirib, 118 qol vurub, 77 məhsuldar ötürmə edib. Futbolçu PSJ ilə birlikdə 5 qat Fransa çempionu və 4 dəfə ölkə Superkubokunun qalibi olub, 3 dəfə Fransa Kubokunu və 2 dəfə Fransa Liqa Kubokunu qazanıb.