İdmançılarımız Avropa çempionatını 5 medalla başa vurdu
Niderlandın Rotterdam şəhərində keçirilən parataekvondo üzrə Avropa paralimpiya çempionatına yekun vurulub.
Redaktor.az-ın məlumatına görə, ilk iki gündə uğurlu çıxış edən Azərbaycan millisi bu gün də uğurlu seriyanı davam etdirib.
Parataekvondoçularımızdan Əbülfəz Abuzərli (80 kq, K-44) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bütün rəqiblərinə qalib gələn təmsilçimiz qızıl medala yiyələnərək, Rotterdamda ikinci dəfə Azərbaycan himnini səsləndirib.
Ondan fərqli, Orxan Cəfərov (+80 kq, K-44) mükafat qazana bilməyib.
Beləliklə, yarışa 6 parataekvondoçu ilə qatılan Azərbaycan millisi 5 medal qazanıb. Abuzərli ilə yanaşı, İmaməddin Xəlilov (70 kq, K-44) çempion tituluna yiyələnib. Röyalə Fətəliyeva (52 kq, K-44) gümüş, Sabir Zeynalov (58 kq, K-44) və Amin Şıxalıyev (63 kq, K-44) bürünc medala sahib olublar.
Bu göstərici ilə Azərbaycan millisi kişilər və ümumi komanda hesabında ikinci yeri tutub.