“Qarabağ”la “Neftçi” mövqeyini qorudu, “Qəbələ” gerilədi
Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, avrokuboklarda pley-off mərhələsinin oyunları müəyyən yerdəyişmələrə səbəb olub.
Son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən tərtib edilən siyahıda ən yüksək reytinqli Azərbaycan klubu “Qarabağ”dır. Ağdam təmsilçisi Avropa Liqasının pley-offunda Sloveniya komandası “Olimpiya”nı 2:0 hesabı ilə məğlub etsə də, bunun mövqeyə təsiri olmayıb. Qurban Qurbanovun yetirmələri 24.500 xalla 62-ci yerdədirlər.
“Qarabağ”dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu “Neftçi”dir. 10.000 əmsalı olan “ağ-qaralar” 4 komanda ilə birlikdə 135-ci pilləni bölüşdürür. Adrian Mutunun kollektivi də yerində qalıb.
“Qəbələ” isə növbəti dəfə geriləyib. “Qırmızı-qaralar” 4.500 xalla 270-cidirlər.
Azərbaycan çempionatının digər iştirakçılarından “Sabah”, “Zirə”, “Sumqayıt”, “Səbail” və elitanı tərk edən “Şamaxı” 3,350 xalla 334-cü pilləni bölüşdürürlər.
UEFA reytinqinə İngiltərə təmsilçisi “Mançester Siti” (124.000) başçılıq edir. Almaniyanın “Bayern” klubu 120.000 əmsalla ikinci sırada yer alıb. İlk “üçlüy”ü Madrid “Real”ı (106.000) qapayıb.