Bakıda Ukraynadan olan atıcı qızıl medal qazandı

 17:47 27.08.2023     284

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında bu günün ikinci yarısında keçirilən yarışlar Ukrayna və Qazaxıstan komandaları üçün uğurlu olub.

Redaktor.az xəbər verir ki, kişilər və qadınlar arasında 10 metr məsafəyə hərəkətli hədəfə atəş açma növündə yarışlar keçirilib.

Kişilərin yarışında “qızıl” uğrunda həlledici yarışda Ukrayna atleti İqor Kizima Almaniyadan olan həmkarı Kris Qrossheymi 6:3 hesabı ilə məğlub edib. Nəticədə İqor qızıl, Kris gümüş medala yiyələnib. Bürünc medal uğrunda mübarizədə Koreya atleti Yin You Jeonq Çexiya idmançıcı Berdix Conası 6:2 hesabı ilə udaraq üçüncülüyü əldə edib.

Bu növdə kişilərin komanda yarışına gəlincə, Ukrayna birinci, İsveç ikinci, Finlandiya üçüncü olub.

Qadınların yarışını izləyənlər maraqlı səhnəyə tamaşa edib. Qızıl medal uğrunda Qazaxıstandan olan atıcılar, “bürünc” uğrunda Ukraynanı təmsil edən atletlər yarışıb.

Zuxra İrnazarova həmyerlisi Aleksandra Saduakassovanı 6:3 hesabı ilə udaraq “qızıl”ı bayram edib. Ukraynalıların duelində Qalina Avramenko Viktoriya Ribovalovanı çətinliklə məğlub edərək (7:5) “bürünc”ü aktivinə yazıb.