Cüdoçularımız açıq Avropa turnirini 3 medalla başa vurdu

 19:41 17.09.2023     248

Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan açıq Avropa turnirinin ikinci günündə bir medal qazanıblar.

Redaktor.az-ın məlumatına görə, millinin 7 üzvü yarışa qoşulsa da, onlardan yalnız Ruslan Nəsirli fəxri kürsüyə çıxa bilib.

O, 100 kq çəki dərəcəsində bürünc mükafata yiyələnib. Bununla da Azərbaycan millisi açıq Avropa turnirini 3 medalla tamamlayıblar.

Qeyd edək ki, cüdoçularımız yarışın ilk günündə 1 qızıl, 1 gümüş medal əldə ediblər. Nəriman Mirzəyev (73 kq) çempion olubsa, İslam Rəhimov (66 kq) ikinci yeri tutub.