Azərbaycan futboluna maraq çoxalıb - Qurban Qurbanov

 23:45 17.09.2023     306

"Vacib qələbə idi. Şükürlər olsun, futbolçular özlərini tam yaxşı tərəfdən göstərdilər. Oyunçuların fikrinin bu oyunda olmağı vacib idi".

Redaktor.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 6-cı trunda "Sabah"a qalib gəldikləri matçdan (2:0) sonra jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis heyətdəki itkilərin komandaya zərbə vurduğunu bildirib: "Bəlkə də, son vaxtlar dəyişik çempionat oldu. Heç bir rəqibə fərq qoymuruq. Bu gün bütün komandaların gücü bəllidir. İstənilən rəqib bir-birinə qalib gələ bilər. Sadəcə bizim sıx qrafikimiz var. Futbolçuları nə qədər hazırlamağa çalışsaq da, yorğunluq fonunda çətindir. Rotasiyalar çox edirik. Bəzi oyunçuları meydana da buraxmırıq. Oyunçuları qorumaq istəyirik. Belə qrafikdə olmağımız ilk deyil. Sadəcə bu il zədəlilərimiz çox idi. İtkilər komandaya zərbədir. Qarşıdakı oyunlarda daha ciddi olmalıyıq. Bəzən risklərə getməliyik ki, xal ehtiyatımızı yaxşılaşdıraq. Hər məğlubiyyət, heç-heçə bizə zərbə ola bilər".

O, yerli oyunçu baxımından sıxıntı olmasından, eyni zamanda bu gün qapını Amin Ramazanovun qorumasından da danışıb: "Bəli, problemlərimiz var. Amin Ramazanov gənc olsa da, az oyunda iştirak etməyib. Ona güvənirik, nə qədər çox matça çıxsa, yaxşıdır. İstənilən oyunçunu meydana buraxmağa çəkinməyəcəyik. Ehtiyac olarsa, istifadə edəcəyik".

Q.Qurbanov futbolçusu Adama Diakabinin Avropa Liqasının oyunları üçün sifariş olunmamasına da aydınlıq gətirib: "Mikro zədələri var. Bəzən tam güclə məşq edə bilmir. Bir müddət geridönüş etmişdi, oyunlarda özünü göstərmişdi. İndi isə mikrozədələr qarşısını alır. Keçmiş formasına qayıda bilsə, ondan yenidən istifadə edəcəyik".

"Qarabağ" üçün transfer məsələsi bağlanıb" sualına Q.Qurbanovun cavabı belə olub: "Ehtimal ki, bitib. Çünki bundan sonra ancaq azad agent olan oyunçunu götürə bilərik və onun da formasının hansı səviyyədə olduğu sual altındadır. Ola bilər, dekabra qədər transfer olmasın. Ancaq yeni oyunçu istərdim. Gözləyəcəyik, axtarışda olacağıq".

Q.Qurbanov görüşdəki hakim qərarlarından da danışıb: "Qarşımızda intizamlı komanda var idi. "Sabah"a qarşı oynamaq asan deyil. Qələbə böyük nəticədir. Hakimliklə bağlı bilmirəm... Getdikcə xırda epizodlara daha çox diqqət ayırırlar. "Səbail"lə oyunda qapımıza təyin olunan penalti və başqa epizodlarda bəsit qərarlar oldu. Hakimlərə etirazımız olmayıb. Bu gün də qol və penaltidə ofsayd olduğunu bilmirəm. Onlar yaxşı bilir. Səhvlər nəticəyə böyük təsir göstərə bilər. Biz hakimlərimizə inanırıq. İnanırıq ki, hamıya eyni gözlə baxırlar. İşimiz meydanda daha intizamlı olmaq və oynamaqdır".

Q.Qurbanov yeni transferləri - qapıçı Andrey Lunyovun oyun praktikasının azlığına görə narahat olmadığını deyib: "Xeyr. Mən narahat olsam, komanda da narahat olacaq. Lunyova inanırıq. İki-üç oyundan sonra özünü daha hiss edər. Narahatlığım yoxdur".

Baş məşqçi "Cinahdan hücumlar zamanı oyunçular asmalar əvəzinə geri çəkilir, uzaqdan zərbə endirir. Bu əvvəldən hazırlanmış bir şey idi" sualını da cavablandırıb: "Fərqli hücumlarımız olur. Son qərarı futbolçular verir. Bu, normaldır. Xüsusi tapşırıq yox idi. Oyunçular düzgün qərar verməyə çalışır".

Qurban Qurbanov bir neçə gün əvvəl Şahruddin Məhəmmədəliyevin "Qarabağ"dan "Adana Demirspor"a transfer olunmasından danışıb: "Özü və klub üçün yaxşı təklif oldu. Qarşılıqlı razılaşdıq və qərara gəldik ki, getməsinə şərait yaradaq. Türkiyə Superliqasına Azərbaycandan, "Qarabağ"dan oyunçu gedirsə, buna sevinməliyik. Son vaxtlar böyük "bazar"a girmişik. Artıq Azərbaycan futboluna maraq çoxalıb. Kadi Borges Rusiyaya, İbrahima Vadji Fransaya getdi. Onların getdikləri yerdə bizdən, ölkədən danışması faydalıdır. Bu, bütün oyunçular üçün yaxşıdır. Azərbaycan futboluna maraq artır, təkliflər çoxalır. Hər oyunçuya təşəkkür edirəm. Hər futbolçu öz səhvini başa düşməli və təkrarlamamalıdır. Bu, futbolçulardan tələbimizdir".

"Sabah"la görüşün 57-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə zədələnib və əvəzlənib. Mütəxəssis 26 yaşlı müdafiəçinin zədəsi, Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Molde" ilə matçda oynayıb-oynamayacağı haqda bunları bildirib:  "Ağrısı var. İnşallah, ciddi problem olmamalıdır. Sadəcə həkimlərin ilkin rəyinə görə, zərbə sinir nöqtəsinə dəyib və ayağında keyləşmə yaranıb. İnşallah, böyük problem olmaz. Sabah müayinə olunandan sonra dəqiq fikir bildirə bilərik. Son matçlarda yaxşıdır. Lakin bəzi şeylər var, daha yaxşılaşdırmalıdır. Bəhlulun hazırda pik nöqtədə olduğunu deyə bilmərik".

Q.Qurbanov artıq "Molde"ni təhlil etməyə başladıqlarını deyib: "Tam yox, bir az təhlil etmişik. Ciddi rəqibə qarşı oynayacağıq. "Qalatasaray"la matçlarına və çempionat matçlarına baxmışıq. Fərqli sistemdə oynayırlar. "Molde" nəticə üçün oynamağı sevən komandadır. Oyunun gedişində ciddi dəyişikliklər edirlər".

Q.Qurbanov sonda "Adana Demirspor"un Toral Bayramovu da transfer etmək istədiyi haqda yayılan xəbərlərə münasibət bildirib: "Xeyr, elə bir məlumatımız yoxdur. Təklif gəlməyib".