"Qarabağ" Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başladı

 22:40 21.09.2023     545

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəyə start verib.

Redaktor.az-ın məlumatına görə, H qrupunda yer alan Azərbaycan çempionu ilk oyununu Norveç klubu “Molde”yə qarşı keçirib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün birinci hissəsi o qədər də sürətli alınmayıb. Nəticədə fasiləyə qədər qapılara qol vurmaq mümkün olmayıb.

Əvəzində ağdamlılar ikinci hissədə tempi artırıblar. Ardıcıl hücumlar 56-cı dəqiqədə bəhrəsini verib. Leandro Andrade qapı qarşısına ötürülən topu tora göndərərək, hesabı açıb. Bu qol həm də matçın taleyini həll edib. Qarşılaşmada başqa qol olmadığından, “Qarabağ” rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Qrupun digər oyununda Almaniyanın “Bayer” klubu öz meydanında İsveç təmsilçisi “Hakken”i 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, II turun oyunları oktyabrın 5-də keçiriləcək. Həmin gün “Qarabağ” “Hakken”in, “Bayer” isə “Molde”nin qonağı olacaq.

****

20:45

“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu başlayıb.

Redaktor.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş saat 20:45-də start götürüb.

Start fitindən əvvəl Liviyada baş vermiş daşqın və Mərakeşdə yaşanmış zəlzələ nəticəsində həlak olanların xatirəsi dəqiqəlik sükutla yad edilib.

Qarşılaşmanı şotlandiyalı hakim Con Biton idarə edir.