“Mançester Siti”nin qələbə seriyasına son qoyuldu
İngiltərə Premyer Liqasının 7-ci turunda “Vulverhempton” öz meydanında gözlənilmədən “Mançester Siti”nin öhdəsindən gəlib.
Redaktor.az xəbər verir ki, matç eyniadlı şəhərin “Moline” stadionunda baş tutub.
Baş hakim Kreyq Pousonun rəhbərlik etdiyi briqadanın idarə etdiyi oyun ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesab erkən açılıb: 13-cü dəqiqədə Pedro Neto topu meydanın mərkəzindən daşıyaraq “şəhərlilər”in qapısınadək gedib və zərbə endirib. Top qonaq komandanın müdafiəçisi Ruben Diaşa dəyərək qapıya daxil olub – 1:0. Birinci hissə “canavarlar”ın 1:0 üstünlüyü ilə yekunlaşıb.
İkinci hissədə təzyiqi daha da artıran “Mançester Siti” 59-cu dəqiqədə status-kvonu bərpa edib: Xulian Alvares cərimə zərbəsindən fərqlənib. Lakin qonaqların sevinci çox sürməyib: 66-cı dəqiqədə koreyalı Hvan Hi Çan komandasının ikinci və qələbə qoluna imza atıb – 2:1.
Beləliklə, çempionatın 7 turundan sonra “Vulverhempton”un aktivində cəmi 7 xal var. “Canavarlar” turnir cədvəlinin 13-cü pilləsinə yüksəliblər. “Mançester Siti” eyni sayda oyundan sonra 18 xal toplayıb və hələlik birinci pillədə qalıb. “Şəhərlilər”i geridə qoya biləcək komanda “Liverpul”dur ki, “qırmızılar”ın aktivində 16 xal və bir oyun da ehtiyatda var.