Təhminə Tağızadə kollektivə təqdim olundu - FOTO
Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) icraçı direktor təyin olunan Təhminə Tağı-zadə kollektivə təqdim olunub.
AMADA-nın mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, agentliyin Müşahidə Şurasının sədri Nigar Arpadarai tədbirdə çıxış edərək, Azərbaycanda idman göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahəyə yönəltdiyi diqqətdən danışıb, idmançıların beynəlxalq arenada qazandıqları nailiyyətləri yüksək qiymətləndirib.
AMADA-nın fəaliyyətinin əsas istiqamətinin idmanda şəffaflığın təmin olunmasından, idmançıların hüquqlarının qorunmasından ibarət olduğunu vurğulayan N. Arpadarai agentliyə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb, qurumun ölkə idmanına yeni töhfələr verəcəyinə əminliyini ifadə edib.
Yüksək etimada görə təşəkkürünü bildirən Təhminə Tağı-zadə birgə əməkdaşlığın Azərbaycanda təmiz idman dəyərlərinin, ədalətli idman ruhunun inkişafına təkan verəcəyinə inandığını diqqətə çatdırıb.
AMADA-nın icraçı direktoru ona göstərilmiş etimadı doğrultmaq üçün bütün bilik və bacarığından istifadə edəcəyini, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.
Xatırladaq ki, cari il oktyabrın 9-da Şəfəq Hüseynli AMADA-nın direktoru vəzifəsindən azad edilib. Agentliyin Nizamnaməsinə əsasən, Təhminə Tağı-zadə Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru təyin edilib.