FİFA İsrail millisinin təxirə salınan oyunlarının tarixlərini açıqladı
Beynəlxalq Futbol Federasiyası (FİFA) İsrail millisinin Kosovo və İsveçrə milliləri ilə əvvəllər təxirə salınmış oyunlarının yeni tarixlərini müəyyən edib.
Redaktor.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Kişilərdən ibarət əsas komandanın 2024-cü il Avropa çempionatının seçmə turnirində oktyabrın 15-də baş tutmalı olan Kosovo millisinə qarşı oyunu noyabrın 12-nə təyin edilib. Bununla əlaqədar, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) müraciəti əsasında FİFA Şura Bürosu klub komandalarından futbolçuların milli komandalara çağırılması üçün xüsusi qaydaları təsdiqləyib.
İsrail futbolçularının İsveçrə millisi ilə oktyabrın 15-də baş tutmalı olan oyunu noyabrın 15-nə təxirə salınıb. Qadınların Millətlər Liqasında İsrail yığması Qazaxıstan millisi ilə iki dəfə - noyabrın 23-də səfərdə, 26-da evdə oynayacaq. Qarşılaşmaların müvafiq olaraq oktyabrın 26 və 31-də keçirilməsi nəzərdə tutulmuşdu.
Bundan əvvəl UEFA 2024-cü il Avropa çempionatının seçmələri çərçivəsində İsrail millisinin İsveçrə və Kosovo komandalarına qarşı oyunlarını təxirə salmışdı. Kosovo millisi ilə oyun Priştinada keçirilməli idi; təxirə salınma İsrail hakimiyyətinin İsraildən olan idmançıların ölkədən çıxmasına qadağa qoyması ilə əlaqədar idi. Təşkilat həmçinin ölkədə planlaşdırılan digər oyunları, o cümlədən 21 yaşadək futbolçular arasında 2025-ci ildə keçiriləcək Avropa çempionatının seçmə oyunlarını və israillilərin, belçikalıların, uelslilərin və Cəbəllütariqlilərin iştirak etdiyi 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə oyunlarını ləğv etmək qərarına gəlib.
T.İSMAYIL