Sərbəst güləşçilərdən 2 gümüş və 1 bürünc medal

 23:26 25.10.2023     383

Albaniyanın paytaxtı Tiranada U-23 dünya dünya çempionatı davam edir.

Redaktor.az xəbər verir ki, yarışın ikinci günündə son 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub.

Rəhman İmanov (57 kq) debütdə almaniyalı Niklas Şteleyə məğlub olub - 6:10

Zirəddin Bayramov (65 kq) 1/8 finalda moldovalı Pavel Qraupa sonuncu xal prinsipinə əsasən (1:1) qalib gəlib. Bayramov amerikalı Brok Hardidən də güclü olmaqla (14:11) adını yarımfinala yazdırıb. Zirəddin gürcüstanlı Qoqa Otinaşvilini də 5:1 hesabıyla üstələyərək finala yüksəlib. Şəmkir güləş məktəbinin yetirməsi həlledici görüşdə rusiyalı İbrahim İbrahimova 0:7 hesabıyla məğlub olub və yarışı gümüş medalla başa vurub.

Kənan Heybətov (70 kq) ilk mərhələdə rusiyalı İnalbek Şeriyevə uduzub - 3:13. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Heybətov tunisli Faruk Jelassi (11:0) və qazaxıstanlı Rodion Ançuqini (11:2) çətinlik çəkmədən üstələyib. Kənan bürünc medal uğrunda görüşdə amerikalı Duqlas Zapfa 9:2 hesabıyla qalib gəlib və dünya üçüncüsü olub.

Əşrəf Aşırov (79 kq) startda ermənistanlı Menua Yaribekyan üzərində inamlı qələbə qazanıb - 7:0. Həmyerlimiz növbəti görüşləri isə bir nəfəsə keçib. Belə ki, Aşırov 1/8 finalda ispaniyalı Qabriel Ramosa (13:0), 1/4 finalda hindistanlı Saqar Jaqlana (10:0), yarımfinalda isə qazaxıstanlı Şamsat Tahirə (11:0) tam üstünlüklə qalib gələrək finala vəsiqə qazanıb. Əşrəf həlledici görüşdə rusiyalı Maqomed Maqomayevə 4:9 hesabıyla uduzub və gümüş medalla kifayətlənib.

22