Başqa deyəcək bir sözüm yoxdur - Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının hesabat turunda “Araz Naxçıvan”a qarşı keçirilən oyundan sonra mətbuat konfransında iştirak edib.
Redaktor.az xəbər verir ki, təcrübəli mütəxəssis öncə oyun barədə fikirlərini bildirib:
- Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Çox istəkli idilər. Futbolçularımın oyuna ilk dəqiqədən adaptasiya olmamasından narazı qaldım. Başqa deyəcək bir sözüm yoxdur.
- Demək olar ki, komanda oyuna tam hazır deyildi?
- Bir az psixoloji gərginlik və fiziki yorğunluq var idi. Oyuna daha ciddi yanaşmaq lazım idi. Belə hallar olur. Qarşıdakı oyunlarda bunları aradan qaldırmağa çalışacağıq. Komanda bir az oyun ritmindən düşüb.
- Buraxılan qolları necə şərh edərdiniz? Ələlxüsus ikinci qolu...
- Texniki səhvdir. Qol olmayacaq yerdən vurdular. İkinci qolda hörmətli hakimlərimiz cərimə zərbəsi verməli idilər. Rəqib Yankoviçə qarşı qaydanı pozmuşdu. Nəsə desək, dəyişən bir şey olmayacaq. Son dəqiqələrdə belə qollar dəfələrlə görmüşük. Həkimlər diqqətli olmalıdır. Rəqib komandanın məşqçiləri çox istəkli kollektiv yaradıb. Nəticələri boşuna deyil.
- "Qarabağ"ın kubok oyunlarını Xankəndidə keçirəcəyi deyilir. Bu, cari mövsümdə nə dərəcədə realdır?
- Bu, mənə aid olmayan sualdır. Çünki, dövlət səviyyəsində verilməli olan qərardır. Əgər belə qərar verilsə, biz orada oynamağa hazırıq.
- "Qarabağ" son illərdə mövsümə belə uğursuz start verməyib. Bu, nə ilə bağlıdır?
- Məğlub oluruqsa, səbəbini özümüzdə axtarmalıyıq. Bəzən rotasiyalar özünü doğrultmur. Futbolun qanunlarıdır. Böyük klublar da məğlub olurlar.
- Adama Diakabi istəkli görünürdü. Onu Avropa Liqasının qarşıdakı oyunları üçün UEFA-da sifariş ərizəsinə daxil etmək mümkündür?
- UEFA-da limit bağlanıb. Yanvar ayına kimi heç bir oyunçunu siyahıya əlavə edə bilmərik.