Lionel Messi 8-ci dəfə “Qızıl top”u qazandı
“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibi müəyyənləşib.
Redaktor.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə təşkil olunan tədbirdə bu mükafata ABŞ-nin “İnter Mayami” klubunun kapitanı Lionel Messi layiq görülüb.
Argentinalı hücumçu karyerasında 8-ci dəfə titula sahib çıxıb. 36 yaşlı futbolçuya mükafatı “İnter Mayami”nin sahibi, əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem təqdim edib.
Lionel Messi 2022-ci ilin noyabr-dekabr aylarında Qətərdə keçirilən dünya çempionatının qalibi olub. O, daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub.
2023-cü ilin ən yaxşı qadın futbolçusu isə İspaniya yığmasının və bu ölkənin “Barselona” klubunun 25 yaşlı yarımmüdafiəçisi Aytana Bonmati seçilib.