Millimiz qrup birincisi kimi 1/8 finala yüksəldi
Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.
Redaktor.az-ın məlumatına görə, Elşad Quliyevin baş məşqçisi olduğu yığma yer aldığı G qrupunda son matçına çıxıb.
Millimiz sonradan mundiala cəlb edilən Küveytlə üz-üzə gəlib. İlk iki görüşdə İraq (2:0) və Misir (4:1) üzərində qələbə qazanaraq 1/8 finala vəsiqəni rəsmiləşdirən son Avropa çempionu budəfəki rəqibini 3:1 hesabı ilə məğlub edərək, növbəti raunda qrup birincisi kimi adlayıb. Komandamızın heyətində 15-ci dəqiqədə Cəfər Cəfərov, 38-ci dəqiqədə Mirmehdi Rzayev, 44-cü dəqiqədə isə Təmkin Xəlilzadə fərqləniblər.
Millimizin 1/8 finaldakı rəqibi H qrupunda ikinci yeri tutacaq komanda olacaq. Həmin görüş noyabrın 1-də reallaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.