“Qarabağ” “Səbail”i məğlub etdi

 21:17 12.11.2023     329

Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Redaktor.az-ın məlumatına görə, son oyunda çempion “Qarabağ” meydançaya çıxıb.

Ağdam təmsilçisi turnir cədvəlindəki qonşusu “Səbail”i qəbul edib. Şahin Diniyevin yetirmələri liderlər qrupunda qərarlaşmasına baxmayaraq, “Qarabağ”a müqavimət göstərə bilməyiblər. Toral Bayramovun 8-ci, Yassin Benzianın 43-cü, Olavio Juninyonun isə 55-ci dəqiqədə vurduğu qollar sayəsində Qurban Qurbanovun kollektivi aktivinə 3 xalı yazdırıb.

Pedro Nunonun 76-cı dəqiqədə vurduğu top isə “Səbail” üçün təsəlli olub. 3:1 hesablı qələbə sayəsində xallarının sayını 26-ya çatdıran “Qarabağ” ikinci pillədəki mövqeyini qoruyub. Hesabında 21 xal olan “Səbail” isə 4-cü yerə düşüb.

Turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı (1:0), “Sumqayıt” “Neftçi”ni (2:1), “Sabah” “Turan Tovuz”u (3:2), “Zirə” isə “Qəbələ”ni (1:0) hesabı ilə məğlub edib.

Qeyd edək ki, Premyer Liqada XIV turun matçları 24-26 noyabr tarixlərində keçiriləcək.