"Bu film məni çox uzaqlara apardı"
Bu film məni çox uzaqlara apardı. İnanıram ki, bu filmdən sonra işimdə daha həvəsli və məsuliyyətli olacağam.
Redaktor.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ona həsr olunmuş “Stadionlar səssiz olanda” filminin təqdimat mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.
Mütəxəssis filmi izlədikdən sonra keçmiş günləri yenidən xatırladığını deyib: “Xatırladıqca da yaşadıqlarıma dəyər verdim. Düşünürəm ki, belə bir səviyyəyə gəlib çıxa bilmişəmsə, bunu qoruyub saxlamalıyam. Mənim üçün çox maraqlı oldu. Sanki 6-7 yaşımdan 52 yaşıma kimi keçdiyim yola yenidən boylandım. Bir anlıq həmin xatirələrə geri döndüm".
Q. Qurbanov bu filmin Norveçdə "Molde" ilə keçirəcəkləri Avropa Liqasının V tur oyununda komandaya əlavə motivasiya verəcəyinə inandığını söyləyib: “Onlar gördülər ki, qazanılan uğurlara böyük qiymət verilir. Bilirəm ki, futbolçularım bunu yaxşı dərk edirlər”.