Futzal üzrə Avropa çempionatının final mərhələsi iki şəhərdə keçiriləcək

 11:05 03.12.2023     241

2026-cı ildə futzal üzrə Avropa çempionatının final mərhələsi iki şəhərdə - Riqa (Latviya) və Kaunasda (Litva) keçiriləcək.

Redaktor.az xəbər verir ki, bununla bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

Oyunlar 2026-cı il yanvarın 18-dən fevralın 8-dək baş tutacaq.

“Riqa Arena” 2019-cu ildə 19 yaşadək futzalçılardan ibarət millilər arasında təşkil olunan Avropa çempionatının final mərhələsinə ev sahibliyi edib. “Kaunas Arena” isə daha mötəbər yarışı qəbul edib. Şəhərin ikinci böyük arenasında DÇ-2021-in final mərhələsinin 22 matçı keçirilib ki, bura açılış və bağlanış matçları da daxildir.

Qeyd edək ki, final mərhələsində 16 komanda iştirak edəcək ki, onlardan 14-ü seçmə mərhələlərdən vəsiqə qazanacaq. Seçmə mərhələnin oyunları 2024-cü ilin aprelindən 2025-ci ilin sentyabrına qədər davam edəcək.

Buna qədər AÇ-nin final mərhələsinə Niderland (2022), Sloveniya (2018), Serbiya (2016), Belçika (2014), Xorvatiya (2012), Macarıstan (2010), Portuqaliya (2007), Çexiya (2005), İtaliya (2003), Rusiya (2001) və İspaniya (1999 və 1996) ev sahibliyi ediblər. Millimiz 2010-cu ildən başlayaraq ardıcıl 6 dəfə AÇ-nin final mərhələsində iştirak edib.