"Böyük qardaş kimi vurmuşam" - Məşqçi

 15:25 22.01.2024     275

Azərbaycanda idmançının məşq zamanı yeniyetmələrlə davranışı sosial şəbəkədə müzakirələrə səbəb olub.

Elvin Səfərov adlı idmançı “Instagram” hesabında məşq prosesindən bir hissə paylaşıb.

Görüntülərdən aydın olur ki, məşqçi idman zalında sıra ilə düzülmüş uşaqların ayaqlarına, bədənlərinə təpiklə ağır zərbələr endirir. Bu zərbələrdən yayınmaq istəyənlərin isə başına qapaz vurur.

Uşaqların reaksiyalarından zərbələrin ağır olduğu hiss olunur. Görüntülər cəmiyyətdə aqressiya ilə qarşılanıb.

Bu aqressiyanın bir səbəbi də ötən il yeddi yaşlı uşağın məşq zamanı aldığı zədələrdən vəfat etməsi olub.

Xatırladaq ki, ötən il aprel ayında yeddi yaşlı Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində yeddi yaşlı uşaq vəfat edib.

Redaktor.az xəbər verir ki, bizim.media məsələyə aydınlıq gətirmək üçün idmançı ilə əlaqə saxlayıb.

Məşqçi Elvin Səfərov burada zorakılıq hallarının olmadığını və idmançını zərbəyə hazırladığını deyib:

“Kənardan baxan peşəkar idmançı görər ki, ayağa geyinilən xüsusi idman ayaqqabısı var, adi ayaqla vuranda zərbə yüz faizdirsə, həmin ayaqqabı ilə vuranda zərbə 50 faiz olur. Səs eləyir, amma zədə vermir, dərini “bişirir”. İdmançını zərbəyə hazırlayır. Orada yeni və köhnə idmançılar var, idmançılara uyğun zərbələr vururam.

Bura uşaq bağçası deyil, idmançılar yetişməlidir, onları sığallamaq lazım deyil. Bizim məşqlərimiz elə getmir, məşqlərimiz əl-ayaq zərbələri, müəyyən hərəkətlərlə baş tutur, axırda, sadəcə, bir-iki dəqiqəlik bədən bərkitmə məşqləri gedir”.

10 ildir sambo məşqçisi kimi fəaliyyət göstərdiyini vurğulayan Elvin Səfərov altı dəfə dünya, üç dəfə Avropa, 10 dəfə Azərbaycan çempionu olduğunu qeyd edib:

“Ola bilər ki, video ictimaiyyətə sərt görünür, burada heç bir zorakılıq yoxdur. 21 ildir idmanla məşğulam, dəfələrlə çempion olmuşam, bir dəfə çempion olanda heç belə ictimailəşdirməyiblər. Mən hər dəfə o yarışlara bədənim gömgöy getmişəm, çünki zərbə almasam, zərbəyə öyrəşməsəm, zərbə vura bilmərəm.

Mənim əlavə, yəni peşəkar yox, özü üçün məşq edənlərdən ibarət qruplarım da var, orada mən heç bir tələbəyə barmağımla da toxunmaram. Çünki o, özü üçün məşq edir. Amma bir də var peşəkar şəkildə məşğul olasan, bunun üçün də gərək idmançını yetişdirəsən, hazırlayasan, loru dildə desək, bişirəsən ki, idmançı döyüşə hazır olsun”.

Elvin Səfərov videoda başına şillə vurduğu yeniyetmələrdən də danışıb:

Videoda başına qapaz vurduğum iki nəfər var. Onun hər ikisi mənim qohumumdur, o da qohum səviyyəsində, böyük qardaş kimi vurmuşam. Valideynlərdən də heç bir narazılıq yoxdur”.