"Səbail" - "Qarabağ" matçında 3 qol vuruldu

 17:15 03.02.2024     826

Azərbaycan Premyer Liqasında XXI tura start verilib.

Redaktor.az xəbər verir ki, açılış oyununda son çempion “Qarabağ” meydançaya çıxıb.

Ağdam təmsilçisi “Səbail”in qonağı olub. Qurban Qurbanovun yetirmələri erkən qolla hesabı açıblar. 14-cü dəqiqədə Toral Bayramov penaltini dəqiq yerinə yetirib. 59-cu dəqiqədə baş hakim Cavid Cəlilov meydan sahiblərinin qapısına növbəti onbirmetrlik zərbə təyin edib. Bu dəfə Yassin Benzia qapıçı ilə dueldən qalib ayrılıb.

66-cı dəqiqədə Maksim Medvedev top uğrunda mübarizə zamanı rəqibi əllə vurduğu üçün həm qırmızı vərəqə alıb, həm də rəqibə penalti hədiyyə edib. Pedro Nuno dəqiq zərbə ilə fərqi minimuma endirib.

Maraqlıdır ki, 90+6-cı dəqiqədə matçda 4-cü dəfə penalti təyin edilib. Qonaqlar fərqi artırmaq imkanı qazanıblar. Lakin Toral Bayramov bu dəfə çərçivəni dəqiq nişan ala bilməyib.

Beləliklə, 2:1 hesablı qələbə qazanan lider “Qarabağ” xallarının sayını 50-yə çatdırıb. Beşinci pillədəki “Səbail” isə 27 xalda qalıb.

Qeyd edək ki, turun “Sabah” – “Turan Tovuz” oyunu bu gün, digər matçlar isə fevralın 4-5-də keçiriləcək (report).