Matç Messiyə görə ləğv edildi
Çində Argentina və Nigeriya milli komandaları arasında martda keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ləğv edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Hançjou İdman Komitəsi məlumat yayıb.
“Məlum səbəblərə görə səlahiyyətli orqanlar oyunun keçirilməsi üçün heç bir şərait olmadığını hesab ediblər və tədbirin ləğvi barədə qərar qəbul edilib”, - məlumatda deyilir.
Qeyd edək ki, “Məlum səbəblər” dedikdə argentinalı hücumçu Lionel Messi ilə bağlı vəziyyət nəzərdə tutulur. Belə ki, ötən həftə Amerikanın “İnter Mayami” klubu ilə Honq Konq XI komandası arasında fevralın 4-də keçirilən yoldaşlıq oyunundan sonra qalmaqal yaranıb. Messinin meydana çıxmaması azarkeşləri məyus edib. Honq Konq hökuməti matçın təşkilatçılarından izahat tələb edib. “İnter Mayami”nin baş məşqçisi Gerardo Martino Messinin bud nahiyəsində iltihab olduğu üçün meydana çıxmadığını bildirib.